YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Əli Əhmədov: Ulu öndər Heydər Əliyevin ideyaları milli iradənin ifadəsi, milli özünüdərkin fundamental əsası kimi qəbul olunur

«Azərbaycan xalqının Heydər Əliyev kimi lider yetişdirməsi fenomenal hadisədir. Heç bir xalq milli qürur mənbəyinə çevrilmiş övladını unuda bilməz. Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi böyük oğlu Heydər Əliyev milli düşüncəmizin tərkib hissəsi, Azərbaycanın inkişafına işıq saçan əbədi bir mayakdır».  Bu fikirləri YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, Heydər Əliyev fenomeni bütün dövrlər və nəsillər üçün əbədilik statusunu qazanıb desək, yəqin səhvə yol vermərik. Onun sözlərinə görə, Azərbaycan tarixinin Heydər Əliyev dövrü təkcə sürətli inkişaf, yüksəliş anlayışları ilə səciyyələnmir. Bu, daha çox mahiyyətcə yeni dövrün, yeni tarixin formalaşması anlamına uyğun gəlir.

«Heydər Əliyev Azərbaycanın qədim və çoxəsrlik tarixinin yeni dövrünü, daha dəqiq desək, Azərbaycanın yeni tarixini yaradıb. Və heç şübhəsiz, bu dövrə, bu tarixə Heydər Əliyevin adı birdəfəlik həkk olunub. Onu da ayrıca vurğulamaq ədalətli olardı ki, Heydər Əliyev zamanın gərdişinin meydana çıxardığı və bu səbəbdən tarixilik statusu qazanmış lider olmamışdır. Onun tarixi rolu və xidmətləri daha çox, bəlkə də belə demək doğru olar ki, müstəsna halda qeyri-adi istedadı və liderlik energetikası ilə əlaqədardır. Tarix isə dahi insanları unutmur. İnsanlar Heydər Əliyevi ona görə unutmurlar ki, onların həyatında baş vermiş müsbət dəyişikliklər məhz Ulu öndərin adı, müəyyən etdiyi siyasətlə birbaşa bağlıdır. Heydər Əliyev hər bir azərbaycanlı üçün onun fərdi həyatını dəyişdirən dahi şəxsiyyət olaraq qavranılır və dəyərləndirilir. Heydər Əliyev həm də ona görə yaşayır və daim yaşayacaq ki, O, həmişə ən möhkəm tellərlə xalqa bağlı olub, xalqla nəfəs alıb, güc və qüdrət mənbəyi xalq olub. Sağlığında hər bir azərbaycanlı Heydər Əliyevdə öz istəklərinin, arzularının ifadəsini görüb. İndi isə Ulu öndərin ideyaları milli iradənin ifadəsi, milli özünüdərkin fundamental əsası kimi qəbul olunur. Heydər Əliyev böyük bir dövrdür. İnanıram ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü uzun zaman davam edəcək. Bu inam Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin möhtəşəm uğurlarına, xalqın Prezidentə etimadının və dəstəyinin böyüklüyünə istinad edir»- deyə, YAP Sədrinin müavini vurğulayıb.